Madriddə Xocalı faciəsi qurbanları anılıb
26.2.2018

Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı, Madriddə təhsil alan və yaşayan azərbaycanlıların təşəbbüsü ilə şəhərin mərəzində yerləşən Xasinto Benavente meydanında Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş aksiya keçirilib.

Şəhər meydanında quraşdırılmış çadırda Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotolar, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş müxtəlif kitab, broşur və disklər nümayiş etdirilib. Həmçinin meydanda Xocalıda baş verən hadisələrə ədalət tələb edən çağırışlar əks olunmuş plakatlar açılıb, Xocalı qurbanlarının xatirəsinə şamlar yandırılıb, qərənfillər düzülüb.

Aksiyaya maraq göstərən şəhər sakinləri və turistlərlə söhbət aparılıb, Ermənistanın işğalçılıq siyasətinin nəticələri, o cümlədən Xocalıda bir gecədə 613 dinc sakinin vəhşi qətliamın qurbanı olması, əsir götürülən 1275 nəfərdən 150-sinin taleyinin bu günədək məlum olmaması barədə məlumatlar verilib.

azertag.az