Azərbaycanda keçiriləcək “MDB Startap platforması”nda 50 xarici nümayəndə iştirak edəcək
26.2.2018

Ölkənin ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyi və “Qlobal Sahibkarlıq Şəbəkəsi – Azərbaycan”ın dəstəyi, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə iyulda MDB və Avrasiya ölkələrini əhatə edən “MDB Startap platforması” layihəsi həyata keçiriləcək.

ARGTMŞ-dan bildiriblər ki, layihənin məqsədi MDB və Avrasiya ölkələrindən gənc sahibkarlar və sahibkarlarla işləyən qurumlar arasında startap ekosistemlərinin inkişaf etdirilməsi, işgüzar əlaqələr qurmaq və genişləndirmək üçün uğurlu nümunələr və ən yaxşı təcrübələri mübadilə etmək, gənclərin sahibkarlıq bacarıqlarının inkişaf yollarını tapmaq üçün şərait yaratmaqdır.

Layihədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və Gürcüstandan 50 nümayəndənin iştirakı gözlənilir.

“MDB Startap platforması” layihəsi haqqında www.startup.nayora.az səhifəsində rus və ingilis dillərində ətraflı məlumat qeyd olunub.

azertag.az