“Ən yaxşı təqdimat” müsabiqəsi başlanıb
23.2.2018

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar paytaxtdakı ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müsabiqənin təşkili və keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb.

BŞTİ-dən bildiriblər ki, müsabiqənin keçirilməsinin əsas məqsədi müstəqil Azərbaycanın memarı Heydər Əliyevin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.

Təhsil nazirinin əmrinə əsasən IX-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin Bakı şəhəri üzrə dörd mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Müsabiqənin məktəbdaxili mərhələsi fevralın 28-dək davam edəcək. Hər məktəbdən bir nəfər olmaqla, ilk turu uğurla keçən şagirdlər martın 5-dən 9-dək keçiriləcək rayon mərhələsinə qatılacaqlar. Rayon üzrə ən uğurlu hesab edilən beş təqdimat martın 15-16-da təşkil olunacaq şəhər mərhələsinə keçmək hüququ qazanacaq. Şəhər mərhələsində uğur qazanan 12 ən yaxşı təqdimat isə 2018-ci ilin aprelində ölkə turunda iştirak hüququ əldə edəcək.

Müsabiqədə qiymətləndirmə təqdimatçının sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllığı, ifadəliliyi, lüğət ehtiyatının zənginliyi, ümummilli lider Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, Ulu Öndərin Vətən və xalq qarşısında xidmətləri barədə şəxsi mülahizələrini bildirməsi, ədəbi-bədii nümunələrə müraciət etməsi, təqdimatı müəyyənləşdirilmiş müddətdə başa çatdırması və digər meyarlara əsasən aparılır.


azertag.az