Bakı Ali Neft Məktəbində “Gənc 3D printer mühəndisləri” qrant layihəsi uğurla reallaşdırılıb
7.2.2018

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi onuncu qrant müsabiqəsinin qalibi olub.

BANM-dən bildiriblər ki, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan beşinci kurs tələbəsi Elvin İsmayılov müəllifi olduğu “Gənc 3D printer mühəndisləri” layihəsini uğurla həyata keçirib.

BANM-ın təşkilatı dəstəyi ilə icra edilən layihənin yekun mərasimində Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təsisçisi Rəhman Rəsulzadə, BANM-ın və digər universitetlərin tələbələri iştirak ediblər.

R.Rəsulzadə BANM-də təhsil alan bacarıqlı tələbələrin fəaliyyətini yüksək dəyərləndirib, layihə haqqında fikirlərini bölüşüb.

Qeyd edək ki, layihə çərçivəsində keçirilən beş təlimdə gənc iştirakçılar 3D printerlərin işləmə prinsipi, onların aparat təminatı, üçölçülü modelləşdirmə, üçölçülü təsviroxuma, kompüterin köməyi ilə dizayn proqramları, 3D çapın reallaşdırılması və digər əlaqəli mövzuları nəzəri və tətbiqi yolla mənimsəməyə çalışıblar. İştirakçılar öyrəndikləri nəzəri bilikləri sınaqdan keçirmək üçün real olaraq 3D printerlə işləyiblər.

Layihəyə qatılmaq müsahibə yolu ilə keçirilib və seçimdə qalib gələn müxtəlif universitetlərin tələbələri iştirak hüququ qazanıblar.

Təlimləri uğurla başa vuran tələbələr sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

azertag.az