Bakı məktəblisi beynəlxalq müsabiqənin diplomantı olub
7.2.2018

Estoniyanın Narva şəhərində keçirilən Gənc Pianoşuların Şopen adına Beynəlxalq müsabiqəsinin onlayn iştirakçısı, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin 5-ci sinif şagirdi Şirin Əmiraslanova birinci mərhələsini keçərək yarışmaya dəvət olunub.

Məktəbdən bildirilib ki, 15 ölkədən 59 ifaçının qatıldığı yarışmada Ş.Əmiraslanova bütün mərhələləri uğurla başa vuraraq müsabiqənin diplomantı adını qazanıb.

Özünəməxsus zərif ifası, musiqi duyumu ilə münsiflər heyətinin və tamaşaçıların diqqətini çəkib xoş təəssürat yaradan Şirin Əmiraslanovaya hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Ş.Əmiraslanova dəfələrlə respublika və beynəlxalq müsabiqələrin laureatı və diplomantı olub. Onun müəllimi Üzeyir hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Siala Sinamdzqvarişvilidir.

azertag.az