Türkiyənin “Anadolu” qəzetində Qara Qarayev haqqında məqalə dərc olunub
7.2.2018

Dünya şöhrətli bəstəkar və pedaqoq, ictimai xadim, SSRİ Xalq Artisti Qara Qarayevin 100 illik yubileyi Azərbaycanda və müxtəlif ölkələrdə silsilə tədbirlərlə qeyd edilir.

Türkiyənin “Anadolu” qəzetində tanınmış azərbaycanlı rejissor, Əməkdar İncəsənət Xadimi, professor Əflatun Nemətzadənin böyük musiqiçinin 100 illik yubileyinə həsr edilən geniş məqaləsi dərc olunub.

“Türk dünyasının dahi bəstəkarı, akademik Qara Qarayev” adlı məqalədə müəllif görkəmli sənətkarın Azərbaycan musiqisinin inkişafında açdığı yeni cığırlardan bəhs edir: “Tarix boyu işğalçılar Azərbaycanın torpaqlarını, yeraltı və yerüstü sərvətlərinə sahib çıxmağa çalışıblar. Növbə musiqimizə gəlməyə başladığı zaman - ermənilər xalq musiqimizi öz milli əsərləri kimi sahibləndiyi illərdə Üzeyir Hacıbəyli xalq musiqimizi toplayıb və nota alıb. Bu tarixi bir missiya idi. Daha sonra Qara Qarayev milli xalq musiqimizin mayası, ruhu, muğamlarımızın rəngləri üzərində klassik əsərlər yazmağa başlayıb. Çağdaş Qərb musiqi texnikasından istifadə edərək milli musiqi ənənələrimizi bütün dünyaya tanıtmış oldu”.

Məqalədə görkəmli musiqi xadiminin həyat və fəaliyyətinə geniş yer verilir. Qeyd olunur ki, Qara Qarayev ilk musiqi təhsilini aldıqdan sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur, daha sonra Moskva Dövlət Konservatoriyasında dünyaca tanınmış bəstəkar Dmitri Şostakoviçdən dərs alır. Tələbəlik illərindən başlayan yaradıcılığı qısa zaman ərzində keçmiş SSRİ-də böyük əks-səda doğurub. Müəllif dahi bəstəkarın əsərlərinin Amerika Birləşmiş Ştatları, Fransa, Yaponiya, Avstriya, Almaniya və digər ölkələrin simfonik orkestrləri tərəfindən sevilərək səsləndirildiyini vurğulayır.

Yazıda bəstəkarın “Vətən” operası (Cövdət Hacıyevlə birlikdə), “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri və digər əsərlərinin əhəmiyyəti qeyd olunur. Bildirilir ki, beynəlxalq aləmdə böyük maraq oyadan bir Azərbaycan türkünün dünyada tanınmasını qısqanclıqla qarşılayan rus və erməni millətçiləri ona qarşı çıxmağa başlayırlar: “Qarayev 1958-ci ildə onu zirvəyə aparan “İldırımlı yollarla” (Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında) baletini yazıb. Balet Afrikada yaşayan zəncilərin həyatından bəhs edir. Burada tarix boyu davam edən irqi ayrı-seçkilik mübarizəsi fonunda qaradərili insanların hüquq və azadlıqlarını müdafiə edən böyük istedada sahib bəstəkar beynəlmiləl bir cəbhədə dayanır. Bəstəkar əsərində, eyni zamanda türk insanı olaraq da öz səsini yüksəldir. Çünki Azərbaycan türkləri də tarix boyu zülmlər görmüş, acılar yaşamış, azadlıq mübarizəsi aparmışdır. Əlbəttə ki, arxa planda bəstəkar da öz üsyanını Afrika yazıçısının əsəri üzərindən ortaya qoyur. Bundan sonra Qarayevə qarşı hücumlar başlayıb”.

Məqalədə vurğulanır ki, bəstəkara qarşı müxtəlif dairələrdən qaynaqlanan təzyiqlərin qarşısını ümummilli lider Heydər Əliyev alıb. Ulu öndər hər zaman mədəniyyət və incəsənətin, böyük istedad sahiblərinin himayədarı olub və keçmiş Sovet İttifaqı miqyasında Qara Qarayevin yaradıcılığına, onun sənət dühasına qısqanclıq, qərəz bəsləyənlərə cavab olaraq böyük musiqiçini müdafiə edib.

Ə.Nemətzadə məqalədə sənətkarla görüşünü də yada salıb: “Rusiya Böyük Teatrında çalışdığım illərdə Qara Qarayevlə tez-tez görüşürdüm. Bir gün məni çalışdığı SSRİ Bəstəkarlar İttifaqına dəvət etdi. Yemək yedik, küçəyə çıxıb gəzişdik. Vaxtilə onunla bağlı yaranmış vəziyyət haqqında danışdıq. Bəstəkar bunları dedi: “Əgər Heydər Əliyev olmasaydı, məni nələr gözlədiyini təsəvvür belə edə bilmirəm”. Heydər Əliyevin onu yüksək rütbəli siyasilər qarşısında müdafiə edərkən söylədiyi cümlələri xatırlatdı”.

Yazıda ötən əsrin 60-cı illərindən başlayaraq bəstəkarın əsərlərinin Qərb ölkələrinin də konsert salonlarında səslənməyə başladığı və rəğbətlə qarşılandığı vurğulanır. Qeyd olunur ki, Qara Qarayev dahi Üzeyir Hacıbəyli tərəfindən təməli qoyulmuş Azərbaycan professional musiqi sənətini çox-çox uzaqlara, dünyaya yayaraq tanıtmış bir bəstəkardır. O, eyni zamanda türk dünyasının böyük oğlu, fəxrli və şərəfli övladıdır.

azertag.az