Ölməz bəstəkarın əsərləri səsləndirilib
6.2.2018

Fevralın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qara Qarayevin 100 illik yubileyinin ölkəmizdə və xaricdə silsilə tədbirlərlə qeyd edildiyini söyləyib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə öz sənət müəllimi haqqında fəxrlə söz açıb, onun bənzərsiz musiqi dünyasından danışıb.

Muzeyin direktoru, sənətşünaslıq doktoru Alla Bayramova və digər çıxış edənlər bildiriblər ki, dünya şöhrətli bəstəkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib. Onun Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri dünyanın bir sıra ölkələrində uğurla nümayiş olunmaqdadır.

Tədbir incəsənət ustaları tərəfindən səsləndirilib.

azertag.az