Bəstəkar Qara Qarayevin yubileyi konsert proqramı ilə qeyd edilib
6.2.2018

Fevralın 5-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli bəstəkar, SSRİ Xalq Artisti, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim edilib.

Konsertdə Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də musiqi ictimaiyyətinin görkəmli nümayəndələri iştirak ediblər.

Tədbirdə Q.Qarayevin həyat və yaradıcılığı haqqında slayd-şou və videoçarx göstərilib.

Konsertin təşkilatçısı və aparıcısı məktəbin müəllimi, musiqişünas Leyla Həsənova böyük bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova dahi bəstəkarın Azərbaycan musiqisinin inkişafında böyük xidmətlərindən danışıb, onun insani keyfiyyətlərindən və pedaqoq kimi fəaliyyətindən söhbət açıb. Bildirib ki, Q.Qarayev öz əsərləri ilə daim sevilən və insanı düşündürən sənətkardır. Bəstəkarın irsi son dərəcə geniş və zəngindir. Bunu onun müraciət etdiyi müxtəlif janr və rəngarəng mövzularda görmək olar. Q.Qarayev musiqinin bütün janrlarında uğur qazanıb, novatorluğu və bədii cəhətdən yüksək səviyyəsi ilə fərqlənən yeni əsərlərə imza atıb. Onun musiqi mədəniyyətimizin qızıl fonduna daxil olan baletləri, simfonik poeması, simfoniyaları, kamera-instrumental əsərləri, kinofilm və teatr tamaşalarına bəstələdiyi əsərlər bunu bir daha təsdiq edir. Təvazökar, tələbkar, hər zaman axtarışda olan dahi bəstəkar Q.Qarayevin yaradıcılığı, dünyagörüşü musiqiçilər üçün örnəkdir.

Tədbir konsert proqramı ilə davam edib.

Konsertdə Əməkdar Artist Vaxtanq İmanovun bədii rəhbərliyi ilə “İpək yolu” kamera orkestri, Xalq Artisti Rasim Abdullayevin rəhbərliyi altında simli kvintet, Əməkdar artistlər Əziz Qarayusifli, İlqar Hacıyev, Əyyub Əliyev, Nadir Məlikov, Aleksey Miltıx, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Fəridə Sultanova, həmçinin Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin qabaqcıl müəllimləri Nurlan Cəfərli (tar), Vəfa Əhmədova (fortepiano), İranə Əliyeva (fortepiano), Mətanət Nurullayeva (fortepiano), Nuray Bayramova (fortepiano), Qəmər Mahmudova (fortepiano) və başqaları Qara Qarayevin müxtəlif janrda bəstələdiyi əsərlərindən ibarət rəngarəng musiqi nömrələri təqdim ediblər.

azertag.az