Dövlət qulluğuna qəbul olmaq istəyənlər təkrar sınaq imtahanı verəcəklər
5.2.2018

Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə namizədlərin daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildiriblər ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə fevralın 10-da aparılacaq və saat 10.00-da başlayacaq.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə verəcəklər. İmtahanda iştirak etmək üçün online qeydiyyat fevralın 10-da saat 9.00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Xatırladaq ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

azertag.az