Rezidenturaya qəbul olmaq istəyənlər biliklərini sınayacaqlar
5.2.2018

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçirəcək.

DİM-dən bildirilib ki, sınaq imtahanında iştirak etmək istəyənlər fevralın 10-da saat 09:00-dək mərkəzin internet saytında qeydiyyatdan keçməlidirlər. Sınaq imtahanı fevralın 10-da DİM-in Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahanın nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar.

azertag.az