Xətai Sənət Mərkəzində “Gənclər bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilib
2.2.2018

Fevralın 1-də Xətai Sənət Mərkəzində 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər bizim gələcəyimizdir” mövzusunda tədbir və sərgi olub. Tədbir Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Rəssamlar İttifaqının və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Sərgidə 100-dən çox peşəkar və müxtəlif yaş qruplarından olan həvəskar rəssamın təsviri sənətin bütün janrlarını əhatə edən 300-ə yaxın əsəri nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər Gənclər Günü münasibətilə təbriklərini çatdıraraq qeyd ediblər ki, Azərbaycan Rəssamlar İttifaqının himayəsi ilə müntəzəm olaraq keçirilən təsviri sənət əsərlərinin sərgisi milli mədəniyyətimizin inkişafına töhfə verir, gənc nəslin bədii-estetik tərbiyəsinə, sağlamlıq imkanları məhdud uşaqların yaradıcılığa cəlb olunmasına kömək edir. Vurğulanıb ki, fəallığı və siyasi savadı ilə seçilən Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin və dahi rəhbərin layiqli davamçısı, Prezident İlham Əliyevin siyasi kursunu fəal dəstəkləyir.

Sonra sərgi iştirakçıları müxtəlif nominasiyalar üzrə fəxri diplomlarla təltif olunub.

Tədbirdə uzun müddət sərgiləri fəal və geniş işıqlandıran KİV nümayəndələrinə də fəxri diplomlar təqdim edilib.

azertag.az