Yazıçı Nurəddin Ədiloğlunun 60 illiyi qeyd edilib
2.2.2018

Fevralın 1-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı Nurəddin Ədiloğlunun anadan olmasının 60 illiyi qeyd olunub.

AYB sədrinin müşaviri Rauf Aslanoğlu yubilyarı təmsil olunduğu qurum adından təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə çıxış edən şairlər Oqtay Rza, Balayar Sadiq və başqaları yazıçının ədəbi mühitdə mövqeyindən, yaradıcılıq nümunələrindən söhbət açıblar. Bildirilib ki, povest və hekayələri ilə dövri mətbuatda müntəzəm çıxış edən N.Ədiloğlunun “AzərNur” romanı ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Yazıçının “Yarımçıq şikəstə” monoqrafiyası, “Ruhani dünyası”, “Sonuncu monoloq”, “Mars”, “Əsrin sönməz səmaları”, “Bizim ağamız” və s. kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Yazıçının qələmindən çıxan əsərlərdə milli təəssübkeşlik, Qarabağ müharibəsinin ağrıları, vətənpərvərlik mövzusu ana xətt kimi keçir.

Vurğulanıb ki, hekayə və romanlarla yanaşı, tez-tez maraqlı mövzularda yazılarla oxucuların görüşünə gələn N.Ədiloğlu bir sıra media mükafatlarına layiq görülüb. Müxtəlif media orqanlarında çalışan nasir hazırda “Yurd” ədəbi-bədii, elmi-publisistik jurnalında nəsr şöbəsinin müdiridir.

Tədbir çərçivəsində yazıçının 60 illiyinə həsr edilmiş AYB-in “Oğuz eli” qəzetinin “Xüsusi buraxılış”nın da təqdimatı keçirilib. Buraxılışda ədəbiyyat, incəsənət, elm xadimlərinin yazıçı haqqında fikirləri yer alıb. “Xüsusi buraxılış”ın baş redaktoru Azər Abdulla, məsul katibi Əli Həsənlidir.

Sonda yazıçı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

azertag.az