Xalq Artisti Tofiq Kazımovun xatirəsi anılıb
31.1.2018

Akademik Milli Dram Teatrının və Azərbaycan Teatr Xadimləri İttifaqının kollektivləri Fəxri xiyabanda görkəmli rejissor, Xalq Artisti Tofiq Kazımovun xatirəsini anıblar.

Mərasimdə Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətov çıxış edərək Tofiq Kazımovun Azərbaycan teatrının inkişafındakı rolundan danışıb. Bildirib ki, sənətdə öz dəst-xətti olan böyük rejissor bir-birindən maraqlı səhnə əsərləri ilə tamaşaçıları sevindirib: “Tofiq Kazımov quruluş verdiyi tamaşalarla bütün rejissorlardan fərqlənirdi, onlardan seçilirdi. Biz onun məzarını ziyarət etməklə mənəvi borcumuzu yerinə yetiririk. Tofiq müəllim çox böyük sənətkarın ailəsində böyüyüb. Onun atası Səməd Mənsur teatr xadimi və şair olmasaydı, yəqin ki, Tofiq Kazımovu da başqa peşələr özünə cəlb edərdi. Tofiq müəllim təkcə böyük teatr xadimi deyil, həm də müharibə iştirakçısı idi. Daha sonra Moskvada oxuyub və Bakıya qayıtdıqdan sonra bir-birindən gözəl tamaşalar hazırlayıb. Əgər Tofiq Kazımov kimi rejissorlarımız olmasaydı, teatrımızın keçmişi, bu günü çox zəif görünərdi”.

Qeyd edək ki, 1964-cü ildən 1980-ci ilədək Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Tofiq Kazımov yaddaqalan tamaşalar yaratmaqla bərabər, gənclərin teatra cəlb olunmasında böyük rol oynayıb. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır.

Sağlam yenilik və müasirliyin tərəfdarı olmuş Tofiq Kazımov Şekspirin “Hamlet”, Cəfər Cabbarlının “Aydın”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər” və digər əsərləri tamaşaya hazırlayıb.

azertag.az