Azərbaycan təmsilçisi “Evrovision 2018” mahnı müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək
30.1.2018

Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsində iştirakçıların çıxışının ardıcıllığı üzrə püşkatma mərasimi keçirilib.

İştirakçı ölkələrin sayının tək olması nəticəsində təşkilatçılar birinci yarımfinalda 19, ikinci yarımfinalda isə 18 nəfərin iştirak etməsinə qərar veriblər.

Püşkatmaya əsasən, ölkəmizi müsabiqədə təmsil edən Aysel Məmmədova birinci yarımfinalın ilk yarısında çıxış edəcək.

Ölkəmizin bu mərhələdə rəqibləri Albaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, İslandiya, İsrail və Litva nümayəndələri olacaq.

Finala hər yarımfinaldan 10 ölkə adlayacaq. Böyük beşlik ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda 26 iştirakçı yarışacaq.

Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.

Qeyd edək ki, “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq müsabiqənin qalibi adını qazanıb.

azertag.az