Muharraq şəhərinin İslam mədəniyyətinin inkişafındakı əhəmiyyəti qeyd edilib
30.1.2018

Bəhreyn Krallığının Muharraq şəhərinin ərəb dünyası üzrə “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsinin açılış mərasimi keçirilib. Açılış mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Azərbaycan Respublikasının ISESCO üzrə Milli Komissiyasının baş katibi, nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak edib.

Nazirlikdən bildirilib ki, Bəhreyn kralının himayəsi ilə keçirilən tədbirdə ölkənin Turizm və Əntiq əşyalar İdarəsinin sədri xanım Mai bint Mohammad əl-Xəlifə, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri və İslam İnkişaf Bankının prezidenti Əhməd Mohammed Əli Əl-Madani İslam mədəniyyətinin inkişafında Muharraq şəhərinin əhəmiyyətini qeyd ediblər.

Tədbir zamanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev xanım Mai bint Mohammad əl-Xəlifəyə Azərbaycan tərəfinin təbriklərini çatdırıb.

Sonra tədbir mədəni proqramla davam edib.

Xatırladaq ki, Naxçıvan şəhəri 2018-ci il üçün Asiya regionu üzrə “İslam Mədəniyyətinin Paytaxtı” elan edilib və bununla əlaqədar cari il ərzində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

azertag.az