Xalça Muzeyi məktəblilər üçün xüsusi proqram hazırlayır
29.1.2018

Azərbaycan Xalça Muzeyi azyaşlı məktəblilər üçün qış tətili günlərində xüsusi proqramla çıxış edəcək.

Muzeyin mətbuat xidmətindən bildirilib ki, yanvarın 30-da reallaşacaq proqram məktəblilərin asudə vaxtlarını maraqlı və səmərəli keçirmək məqsədi daşıyır. İkigünlük proqram çərçivəsində uşaqlar üçün ustad dərsləri də təşkil olunacaq. Ustad dərslərində məktəblilərə “Aplikasiya əl işləri”, “Dekorativ bəzək əşyası”nın hazırlanması, “Hərəkət edən şəkillər”in çəkilməsi, “Gülməli papaqlar”ın hazırlanması, “Nöqtələrlə qar dənəciklərinin işlənməsi”, “İslimi, haçalı islimi və buta ornamentlərinin boşqab üzərində çəkilməsi” işləri öyrədiləcək. Bundan başqa, “Öz zövqünlə bəzə”, xovsuz xalça növü “Şəddənin toxuma texnolgiyası”nın öyrədilməsi mövzularında müzakirələr aparılacaq.

Xatırladaq ki, Azərbaycan Xalça Muzeyi ictimaiyyət üçün açıq olan bir məkandır. Burada hər zaman həm böyüklər, həm də uşaqlar üçün çoxsaylı maraqlı təlimlər, kurslar, ustad dərsləri təşkil olunur. Bununla yanaşı, muzeydə hər ayın son şənbə günü “Ailə günü” təşkil olunur ki, bu da həm muzeyin qonaq ziyarətçiləri, həm də ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanır. “Ailə günü” çərçivəsində keçirilən tədbirlərdə uşaqlar üçün xüsusi proqramlar təqdim olunur.

azertag.az