Leoni Mergen Arif Əzizin əsərləri əsasında yeni kolleksiyasını təqdim edəcək
25.1.2018

Leoni Mergen London moda həftəsi çərçivəsində fevralın 17-də yeni kolleksiyasını təqdim edəcək.

Avropa Azərbaycan Cəmiyyətinin “facebook” səhifəsinə istinadla xəbər verilir ki, Leoni Mergenin Azərbaycan müasir incəsənətinin nümayəndəsi, abstrakt və eksperimental əsərləri dünyada maraqla izlənilən 75 yaşlı rəssam Arif Əzizin yaradıcılığından ilhamlanan yeni kolleksiyası sənətsevərlər və moda mütəxəssisləri üçün yaddaqalan hadisəyə çevriləcək.

Xatırladaq ki, Berlində yaşayan gənc dizayner Leoni Mergen 2017-ci ildə Berlin və London moda həftələrində “Qarabağ kolleksiyası”nı təqdim edib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimləri əsasında hazırlanıb. Britaniyanın “Vogue” jurnalı 2017-ci ilin sentyabr buraxılışında “Qarabağ kolleksiyası”nı zərif ipəklə işlənmiş ən gözəl geyimlərindən biri kimi təqdim edib.

azertag.az