Kolonoskopiyanı əvəz edəcək videohəb kəşf olunub
25.1.2018

İsraildə kolonoskopiyanı əvəz edəcək videohəb kəşf olunub.

Tezliklə xoşagəlməz tibbi prosedur geridə qalacaq. İsraildə tapılmış yeni üsul ağrısız və rahat şəkildə bağırsaqların üçölçülü təsvirini çıxarmağa imkan verəcək. Bu, bağırsaqlarında şiş olan xəstələrin sağalma ehtimalını artıracaq.

“İzaril po-russki” saytına istinadla xəbər verilir ki, bu yeni qurğunun Avropada satılması üçün Avropa İqtisadiyyat İdarəsindən (EEA) icazə alınıb. Bu miniatür aparatın bir çoxlarında xoşagəlməz duyğu yaradan kolonoskopiyanı əvəz etməsi gözlənilir.

İsrailin İsfiya şəhərindəki Chek-Cap şirkətinin hazırladığı bu qurğu udulan rentgen kamerasıdır. O bağırsaqların iç səthində kompüter tomoqrafiyasına bənzər üçölçülü rentgenoqram çəkir və şişi tapmağa imkan verir. Yeni qurğunun istifadəsindən əvvəl bağırsaqların təmizlənməsi tələb olunmur.

Check-Cap şirkətinin əməkdaşı İjav Kimxinin sözlərinə görə, qurğunun yaradılması işləri 2005-ci ildən, heyvanlar və insanlar üzərində laboratoriya sınaqları isə 2012-ci ildən aparılır. Son beş il ərzində bu kommersiya məhsulunun hazırlanması üzrə yekun işlər görülüb.

Qurğu belə işləyir: Xəstə poliklinikaya gəlir və texnik onun kürəyinə ötürücülər bərkidir. Sonra xəstə həbi udur və üstündən su içir. Bundan dərhal sonra ona çox az miqdarda sellülozlu kontrast maddə verilir və xəstə müayinə müddətində bunu gündə 3 dəfə qəbul etməlidir. Müayinə 2-3 gün davam edir və bu zaman xəstə adi həyat tərzi keçirir – işləyir, yemək yeyir, su içir, avtomobil sürür, yuyunur və s. Müayinə başa çatdıqdan sonra o, qurğunu poliklinikaya qaytarır və təsvirlərin nəticələrinin analizini gözləyir. Alınan məlumatlar bağırsağın üçölçülü təsvirini yaradan kompüterə yüklənir. Bu, həkimə bağırsağı yarım saat ərzində tam müayinə etmək və rəy yazmaq imkanı verir. Müayinə poliplərin yerini dəqiq müəyyənləşdirir və ehtiyac yarandığı halda onlar kolonoskopiya üsulu ilə çıxarılır.

İstehsalçı şirkət iddia edir ki, müayinə və müalicə vaxtı xəstənin məruz qaldığı rentgen şüalanması cüzidir.

azertag.az