“İRS” jurnalının türk dilində növbəti nömrəsi dərc olunub
23.1.2018

Türkiyənin paytaxtı Ankarada “İRS” jurnalının türk dilində növbəti nömrəsi dərc olunub.

Baş redaktor Musa Mərcanlının ön sözü ilə başlayan jurnalda Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə, iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığa, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarına, ermənilərin 1918-ci ildə Azərbaycan xalqına qarşı törətdikləri mart soyqırımına, ötən əsrdə ölkəmizdə aparılan müstəqillik mübarizəsinə, saxta “erməni soyqırımı” məsələsinə və Dağlıq Qarabağ münaqişəsinə dair məqalələr yer alıb.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məqaləsində dövlət müstəqilliyimizin bərpasından sonra iki qardaş ölkə arasındakı əlaqələrin inkişaf dinamikasından, həyata keçirilən birgə iqtisadi layihələrin əhəmiyyətindən bəhs edir.

Türkiyənin Bakıdakı səfiri Erkan Özoralın məqaləsində isə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasındakı əlaqələr, həmçinin XX əsrin sonunda bərpa olunan dövlət müstəqilliyimizin Türkiyə tərəfindən tanınması, iki qardaş ölkə arasında hərtərəfli münasibətlərin əhəmiyyəti kimi məsələlərə toxunub.

Səfirlərin məqalələri Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin ortaya çıxardığı gerçək inkişaf dinamikası barədə oxucuda aydın təsəvvür yaradır. Qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri bu dinamikanı əzmlə qoruyur.

“Bakı İslam Oyunları mirası” sərlövhəli məqalədə diqqətə çatdırılır ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ötən il dünyada baş vermiş ən böyük idman hadisələri sırasındadır. Bu Oyunların yüksək peşəkarlıqla təşkili, Azərbaycanın ev sahibliyi beynəlxalq idman aləmi üçün böyük yeniliklər bəxş edib. Müəllif məqalədə Prezident İlham Əliyevin bu mötəbər idman yarışına göstərdiyi diqqət, eləcə də birinci xanım Mehriban Əliyevanın fəaliyyəti barədə məlumat verilir.

XX əsrdə Azərbaycanda aparılan milli azadlıq mübarizəsinin ayrı-ayrı istiqamətlərinin təhlil olunduğu məqalədə XIX əsrin sonlarından başlayaraq Azərbaycanda davam edən milli aydınlaşma prosesi, bu istiqamətdə qəzet və jurnalların rolu, çar Rusiyasındakı ictimai-siyasi proseslərin Azərbaycana və azərbaycanlı ziyalıların bu məsələlərə təsiri, əldə olunan nəticələr və yaranmış problemlərin səbəblərinə toxunulur.

Jurnaldakı növbəti məqalələrdə iki ölkə arasında təhsil əlaqələrinin vəziyyəti ətraflı təhlil edilir. Digər məqalələrdə saxta “erməni soyqırımı”nın ortaya çıxmasının siyasi səbəbləri, 1918-ci ilin martında erməni-daşnak hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımının dəhşətləri, keçmiş SSRİ-nin süqutu ərəfəsində erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı əsassız ərazi iddialarının yaratdığı münaqişə barədə araşdırmalar aparılıb. Məqalələrdə əsaslandırılır ki, erməni millətçi dairələrinin hər dəfə dəyişən siyasi şəraitə uyğun olaraq Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı, terror, deportasiya və torpaq işğalı ilə nəticələnən silahlı təcavüzkarlıq real təhlükə olaraq bu gün də qalmaqdadır. Jurnalda yer alan “Qarabağsız Azərbaycan yoxdur” sərlövhəli infoqrafikada əks olunan faktlar Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrini əks etdirir. Bu məqalələrin hər biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və müasir vəziyyəti barədə əsaslı mənbədir.

Jurnalda bütün məqalələrə dair orijinal fotolar da təqdim olunub.

azertag.az