“Norma” operası ilk dəfə Bakıda səhnəyə qoyulacaq
22.1.2018

Fevralın 8-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Vincenzo Bellinin “Norma” operası səhnəyə qoyulacaq.

BMA-dan bildirilib ki, Azərbaycanda ilk dəfə səhnəyə qoyulacaq operanın quruluşçu dirijoru Xalq Artisti, professor Fəxrəddin Kərimov, quruluşçu rejissoru isə Elvin Mirzəyevdir. Səhnə əsərində Əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Anton Ferştano, solistlər Adil Axundov , Hidayət Əliyev və İslamə Abdullayeva çıxış edəcəklər.

Qeyd edək ki, opera italiyalı bəstəkar Vincenzo Bellinin ikipərdəli lirik tragediyasıdır. Hadisələr romalılar tərəfindən fəth edilən Qalliya şəhərində cərəyan edir. Operanın ilk premyerası 1831-ci ildə Milanın “La-Skala” teatrında səhnəyə qoyulub.

azertag.az