“Selector PRO” musiqi xadimlərini bir araya gətirəcək
22.1.2018

Yanvarın 31-də “British Council Azərbaycan” təşkilatı “ASAN radio” və “YARAT” Müasir İncəsənət Mərkəzi ilə birlikdə Bakıda tədbirlərin təşkili mövzusunda təlim və DJ-lərin iştirakı ilə əyləncə gecəsi təşkil edəcək.

“YARAT” Müasir İncəsənət Mərkəzində fevralın 2-dək davam edəcək tədbir “Selector PRO” layihəsi çərçivəsində reallaşacaq. Təlimdə Böyük Britaniya və Azərbaycandan olan aparıcı musiqi xadimləri – nəzəriyyəçi və praktiklər bir araya gələcək. Üç gün davam edən ustad dərsləri silsiləsində tədbirlərin təşkili, o cümlədən, tədbirlərin planlaşdırılması və konsepsiyasının hazırlanması, auditoriyanın seçilməsi, marketinq, reklam və təşviqat, canlı ifaların təşkili, layihələrin idarə edilməsi, sağlamlıq və əmək təhlükəsizliyi, qanunvericilik və texnologiya kimi məsələlərin bütün aspektlərinə peşəkar nöqteyi-nəzərdən yanaşılacaq. İntensiv təlim kursunu britaniyalı event-prodüser və təlimatçı Dan Tsu aparacaq. Eyni zamanda, fevralın 2-si, saat 22:00-da “Enerji” klubunda tanınmış britaniyalı və azərbaycanlı DJ-lərin iştirakı ilə “Selector” əyləncə gecəsini təşkil edəcək.

Tədbirlə bağlı danışan “British Council Azərbaycan”ın direktoru Elizabet Uayt deyib: “Mən Birləşmiş Krallığın musiqi sənayesinin bu iki ulduzunun – tədbirlərin təşkili mövzusunda təlim keçirəcək Denin və əyləncə gecəsində çıxış edəcək “Goldierocks”un Bakıya gəlişini səbirsizliklə gözləyirəm. Keçən il biz yenə “YARAT”la birlikdə “Selector” proqramı çərçivəsində 200-dən çox musiqiçi üçün musiqi forumu keçirmişdik. Hazırda təşkil etdiyimiz təlim bu uzunmüddətli proqramın tərkib hissəsidir. Böyük məmnuniyyətlə bildirmək istərdim ki, “Selector” radio proqramını ölkədə bu il də “ASAN radio”nun köməyi ilə yayımlayacağıq. Bu proqram həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən, Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır. “Selector” radio-şousu dünyanın 40-dan çox ölkəsində üç milyondan artıq radio dinləyicisindən ibarət geniş kütləyə London şəhərindən həftəlik olaraq yayımlanır. Həm tədbirlərin təşkili mövzusunda təlimə, həm də “Selector Live” əyləncə gecəsinə giriş pulsuzdur”.

azertag.az