Milli Kitabxanada 20 Yanvar hadisələri və Aprel döyüşləri ilə bağlı kitabın təqdimatı keçirilib
18.1.2018

Yanvarın 18-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “20 Yanvar – hüzn və milli qürur günü” kitab sərgisinin açılışı və 20 Yanvar Fondunun sədri Şövqi Bünyatovun müəllifi olduğu “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kitabının təqdimatı keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov 20 Yanvar hadisələri haqqında danışaraq ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu deyib. O, 20 Yanvar hadisələrinin təkcə faciə olmadığını, həm də Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildirib.

Tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı elmi redaktoru olduğu kitab haqqında məlumat verərək bildirib ki, nəşr yeni dövr Azərbaycan tarixində iki əhəmiyyətli hadisənin - 20 Yanvar faciəsinin və Aprel döyüşlərinin təhlilinə həsr edilib. Əsərdə hər iki hadisə arasında aparılan müqayisədə əsas diqqət lider-millət vəhdətinin taleyüklü əhəmiyyətinə ayrılıb.

Kitabın müəllifi Şövqi Bunyatov nəşrin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları kitabxananın foyesində 20 Yanvar faciəsinə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

azertag.az