Bəstəkarlar İttifaqında 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
18.1.2018

Yanvarın 17-də Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə ötən il aprelin 7-də Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz Əlizadənin təqdim olunan “Nasimi Passion” əsərinin lent yazısı nümayiş olunub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edilən mərasimdə Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, o cümlədən xarici səfirliklərin nümayəndələri iştirak ediblər.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə xalqımızın başına gətirilən müsibətlərdən danışıb və 20 Yanvar faciəsinin Azərbaycanın qəhrəmanlıq salnaməsində önəmli yer tutduğunu qeyd edib.

Daha sonra F.Əlizadə “Nasimi Passion” əsərinə toxunaraq seçdiyi mövzudan və Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimi yaradıcılığından danışıb. Dahi mütəfəkkirin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncə tərzindən söz açıb.

Bildirilib ki, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta Əsr sufi fəlsəfəsi yanaşı işlənib. Əsərdə Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub. Əsər qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub.

Sonra çıxış edən akademiklər İsa Həbibbəyli, Yaqub Mahmudov, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət müşaviri İrfan Ciftçi 20 Yanvar hadisələri haqqında danışaraq ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu deyiblər. Azərbaycan xalqının başına gətirilən iztirabların, müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında musiqinin rolunu vurğulayan natiqlər bəstəkarın əsərinin sənətkarlıq məziyyətlərini yüksək qiymətləndiriblər. Bildiriblər ki, Firəngiz xanım Azərbaycan musiqisini Qərb musiqisi ilə yüksək səviyyədə sintez edərək 600 il əvvəl yazıb yaratmış Nəsiminin qəzəllərini tamaşaçıya yüksək səviyyədə təqdim edib.

Xalq rəssamları Fərhad Xəlilov, Ağəli İbrahimov isə əsəri mədəniyyətimizdə böyük bir hadisə adlandırıblar. Vurğulayıblar ki, milli xalq musiqi alətləri ilə yanaşı, violonçel, eyni zamanda, səsin qarşılıqlı müştərək istifadəsi bilavasitə bəstəkarın aparıcı ideya kimi götürdüyü obraza xidmət edir.

Tədbirdə çıxış edən digər natiqlər də 20 Yanvar faciəsinin xalımızın tarixində əbədiyaşarlığından və bu qanlı hadisənin bəstəkarlarımızın əsərlərində öz əksini tapmasından söz açıblar.

azertag.az