Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi xeyriyyə tədbiri keçirib
17.1.2018

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Yeni il münasibətilə Daşkənd vilayətinin Buka şəhərindəki 15 nömrəli uşaq evində xeyriyyə tədbiri keçirib.

Daşkənd vilayəti Həmkarlar Birliyinin şöbə rəisi Şaxnoza Odilxanova səfirlik və mədəniyyət mərkəzləri ilə belə tədbirlərin tez-tez keçirildiyini deyib. Başqa xalqların mədəniyyətlərini öyrənmək baxımından belə tədbirlərin rolu əvəzsizdir.

AMM direktorunun müavini Polad Zeynalov Yeni il münasibətilə uşaqları təbrik edib, Azərbaycan ilə Özbəkistan arasında mədəni-ədəbi sahədə olan dostluqdan danışıb, onlara yaxşı oxumağı və Özbəkistanın layiqli övladları olmağı arzulayıb.

Sonra “Azərbaycan haqqında nə bilirsiniz” mövzusunda viktorina keçirilib və şagirdlər müxtəlif mövzularda suallara cavab veriblər, mükafatlar alıblar.

Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Sonra uşaqlar plova və müxtəlif çeşiddə şirniyyat və digər təamlara qonaq ediliblər.

azertag.az