Xətai Sənət Mərkəzində ilin ilk sərgisi 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunacaq
11.1.2018

Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü-20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Bu barədə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.

“15 yaşadək uşaq və yeniyetmələr arasında keçirilən müsabiqə xalqımızın azadlıq mübarizəsi və qan yaddaşı olan 20 Yanvar hadisələrini bir daha xatırlamaq məqsədi daşıyır. Müsabiqəyə 300-ə yaxın uşaq 400-dən çox əsəri ilə qatılıb. Yanvarın 18-nə nəzərdə tutulan müsabiqənin yekun sərgisində 110 fırça ustasının 120-dək sənət əsəri nümayiş ediləcək”, - deyə Z.Əvəzov söyləyib.

azertag.az