Rezidenturaya qəbul olunmaq istəyən namizədlər üçün sınaq imtahanı keçiriləcək
11.1.2018

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olunmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçiriləcək.

DİM-dən bildiriblər ki, sınaq imtahanında iştirak etmək istəyənlər yanvarın 19-u saat 09:00-dək mərkəzin internet saytında qeydiyyatdan keçməklə imtahana yazıla bilərlər.

Sınaq imtahanı yanvarın 19-da DİM-in Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanındakı binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlanacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Sınaq imtahanında iştirak üçün ödənişin məbləği 30 manatdır. İmtahanda iştirak etmək istəyənlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə oluna bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”dəki hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) faydalanmaq olar.


azertag.az