Ötən il Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi çoxsaylı layihələrin icrasında yaxından iştirak edib
9.1.2018

Ötən il Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi üçün əlamətdar yeniliklərlə yadda qalıb.

Bu barədə məlumat verən mərkəzin sədri Səlim Babullaoğlu deyib ki, ötən ili qurumun fəaliyyəti baxımından əlamətdar saymaq olar: “Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının iki nömrəsi çap edilib. Bunlardan biri İngiltərə, digəri isə Moldova ədəbiyyatına həsr edilib. Hər iki nömrədə bu ölkələri təmsil edən ədiblərin olduqca maraqlı əsərləri yer alıb. May ayında Moldovanın paytaxtı Kişineuda “Avropa şairlərinin baharı” adlı poeziya festivalında iştirak etdik. Həmin festivalda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Moldova Yazıçılar Birliyi arasında əməkdaşlıq memorandumu imzalandı. Memoranduma əsasən, Moldova və Azərbaycan ədəbiyyatının tərcümə və təbliği istiqamətində layihələr reallaşdırılacaq. Qurulan əməkdaşlıq sayəsində görkəmli şair Arkadie Suçevyanunun “Qağayı ilə göndərilən məktub” şeirlər toplusu və tanınmış yazıçı İqor Volnitskinin “Mənə ölməyi öyrət” romanı nəşr edildi. Əməkdaşlıq çərçivəsində hazırda Moldovada Azərbaycan nəsri antologiyası çapa hazırlanır. Kitaba akademik İsa Həbibbəyli “Ön söz” yazıb. Həmçinin Xalq Yazıçısı Anarın “Ağ qoç, qara qoç” romanı da Moldovada işıq üzü görəcək. Yanvar-fevral aylarında hər iki ölkədə bu nəşrlərin təqdimatı nəzərdə tutulur. Eyni zamanda, Bakıda “Moldova kitabı günləri” keçirməyi də planlaşdırırıq. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də bu prosesdə yaxından iştirak edəcək”.

Səlim Babullaoğlu söyləyib ki, bir neçə ay öncə Bakıda İran ədəbiyyatı ilə bağlı silsilə tədbirlər keçirilib. İranın ölkəmizdəki səfirliyinin mədəniyyət müşavirliyi ilə əməkdaşlıq əsasında görkəmli İran yazıçısı Mustafa Məsturu Bakıya dəvət olunaraq akademiyanın Elmi Kitabxanasında, Səməd Vurğunun ev-muzeydə onunla görüşlər keçirilib, yazıçının mühazirələri təşkil edilib.

Ötən ilki tədbirlərdən söz açan mərkəzin sədri Türkiyə Yazarlar Birliyinin dəvəti ilə Qazaxıstanın Türküstan şəhərində “Türkcənin XII Beynəlxalq Şeir Şöləni”ndə ölkəmizi təmsil etməsindən və tədbir çərçivəsində Əhməd Yəsəvi adına Universitetində keçirilən görüşdən danışıb.

Ötən ilin ədəbi yekunlarından bəhs edən S.Babullaoğlu önəmli və dəyərli saydığı bir sıra faktlara da toxunub: “Ötən il məmnunluqla qeyd edə biləcəyim bir neçə əsər tərcümə olundu. “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynlinin tərcüməsində Culian Barnsın “Aqibət duyğusu” romanı, Qismətin çevirdiyi iki kitab – “Nabokovun mühazirələri” və “Ədəbiyyatsız dünya”, müasir İran poeziyasını əhatə edən “Dostun evi haradadır” antologiyası maraqla qarşılandı. Fərid Hüseynin yenicə çap olunan “Hər kəsin öz eşqi” kitabını da uğurlu nəşr hesab edirəm”.

S.Babullaoğlu əlavə edib ki, 2017-ci ildə “ATV kitab” layihəsi çərçivəsində 16 kitab çap olunub. Bu işdə də Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi yaxından iştirak edib.

Mərkəz rəhbərinin sözlərinə görə 2018-ci ildə də bir sıra uğurlu layıhələr reallaşdırılacaq və ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüləcək.

azertag.az