Azərbaycanlı balet ulduzu Liyepayada qala-konsertdə çıxış edəcək
8.1.2018

Gənc balet artisti Ülvi Əzizov yanvarın 21-də Latviyanın Liyepaya şəhərində “Lielais Dzintars” konsert zalında keçiriləcək “Balet ulduzlarının qala-konserti”ndə çıxış edəcək.

Bu barədə “Lielais Dzintars” konsert zalının saytında yer alıb. Qala-konsertdə “Qu gölü”, “Korsar”, “Şelkunçik” və digər baletlərdən səhnələr təqdim ediləcək.

“Worldstars” şirkəti tərəfindən reallaşdırılan layihənin ideya müəllifi və bədii rəhbəri Olqa Əzizovadır.

Ü.Əzizov “Balet incəsənətinin inkişafına töhfə və yüksək peşəkar ustalığa görə” Rudolf Nuriyev adına 16-cı Beynəlxalq balet festivalı mükafatının, eləcə də Budapeştdə dünya baleti ulduzlarının 18-ci beynəlxalq qala-konsertinin xüsusi mükafatının sahibidir. Onun Paris, Nitsa, Marsel, Budapeşt, Oslo və digər şəhərlərdə çıxışları alqışlarla qarşılanıb.

azertag.az