Yanvarın 4-ü Ümumdünya Brayl Əlifbası Günüdür
4.1.2018

Brayl əlifbası kor və zəif görənlərin oxuyub-yazması üçün nəzərdə tutulub. Həmin əlifbanı ilk dəfə 1824-cü ildə Paris Milli İnstitutunun tələbəsi Lui Brayl yaradıb. Çəkməçi oğlu Lui 3 yaşında atasının ayaqqabı emalatxanasında olarkən gözünə biz batıb və iltihab nəticəsində görmə qabiliyyətini itirib. O, 15 yaşında nöqtə-relyef hərflərindən ibarət əlifba yaradıb.

Bundan əvvəl Fransada Valentin Qayuinin yaratdığı xüsusi əlifba var idi və o vaxtlar ondan hərbidə qaranlıq zamanı oxumaq üçün istifadə edilirdi. Lui Brayl həmin əlifbanı təkmilləşdirib hərflərə qabarıqlıq verməklə korların oxuya bilməsi üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlayıb.

Onun yaratdığı əlifba ilk baxışda yalnız müəyyən qaydada yerləşdirilmiş nöqtələr yığımını xatırladır. Müxtəlif kombinasiyalarla yerləşdirilmiş nöqtələr əlifbanın əsasını təşkil edir. Brayl əlifbasında hərflər əvəzinə iki sütuna yerləşdirilmiş altı nöqtədən istifadə olunur. Həmin sistemdə səkkiz nöqtədən istifadə olunan qayda da mövcuddur.

Ənənəvi altınöqtəli Brayl əlifbasına 64 simvol daxil edilib. Səkkiznöqtəli əlifbada isə 256 simvoldan istifadə olunur.

Onu bir və ya hər iki əlin şəhadət barmağının köməyi ilə oxuyurlar. İşarələrdən istifadə etmək və yığcamlıq görmə qabiliyyətini itirən oxucuya mətni kifayət qədər tez oxumağa imkan verir.

Brayl əlifbası ilə dəqiqədə 150 söz oxumaq mümkündür və bu, normal görmə qabiliyyəti olanların oxunma tezliyinin təxminən yarısını təşkil edir.

Brayl əlifbası əsasında ilk kitab 1937-ci ildə nəşr edilmiş "Fransa tarixi" kitabıdır. Həmin əlifba Fransada rəsmən yalnız 1853-cü ildə, vərəm xəstəliyi nəticəsində onun yaradıcısının vəfatından bir il sonra qəbul edilib. Brayl əlifbası ilə kitab buraxan bir sıra nəşriyyatlar var. Onlardan ən böyüyü Londonda korlar üçün Kral İnstitutudur. Həmin nəşriyyat qəzet və kitablardan başqa imtahan sənədləri və hətta bank bildirişləri də çap edir.

Qeyd edək ki, ölkəmizdə 1981-ci ildən Gözdən Əlillər üçün Respublika Kitabxanası fəaliyyət göstərir. Kitabxananın fondunu Brayl kitabları, audiokassetlər, CD-lər və dövri mətbuat, 20 min nüsxə ədəbiyyat təşkil edir. Kitabxananın 1500 nəfər daimi oxucusu var. Gözdən Əlillər Cəmiyyətində yaradılmış mətbəədə Brayl şrifti ilə Azərbaycan dilində kitablar çap olunur.

azertag.az