Azərbaycan Tokiodakı Olimpiadada ilk dəfə altı taekvondoçu ilə təmsil oluna bilər
29.12.2017

Məşqlərimiz gündə iki dəfə olmaqla intensiv davam edir. Kişilərdən ibarət yığma komandanın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçisi Rəşad Əhmədov və mən yığmanın məşqlərini birgə keçiririk. Mərakeşdə keçirilən Qran-Pri turnirindən sonra məşqlərimizi daha da intensivləşdirmişdik. Noyabrın 23-24-də Çində keçirilən lisenziya xarakterli “Qrand-slam” turnirində və dekabrın 2-3-də Kot-Divuarda təşkil edilən taekvondo üzrə Qran-Pri yarışlarının final mərhələsində iştirak etdik. Bu turnirlər arasında təlim-məşq toplanışları da olub. Biz beynəlxalq yarışlara davamlı olaraq hazırlaşırıq. Dekabrın 30-da Dünya Taekvondo Federasiyası (DTF) tərəfindən Çində təşkil olunacaq “Qrand-slam” çempionluq seriyaları yarışlarına da qatılacağıq.

Bu barədə Azərbaycanın qadın taekvondoçulardan ibarət yığma komandasının baş məşqçisi, Əməkdar Məşqçi Elnur Amanov gələcəkdə keçiriləcək lisenziya xarakterli, reytinq xalları qazandıran beynəlxalq yarışlara və Tokio Olimpiya Oyunlarına hazırlıqla bağlı agentliyə məxsusi müsahibəsində məlumat verib.

Məşqçi qeyd edib ki, Olimpiya çəki dərəcələrində keçiriləcək taekvondo üzrə “Qrand-slam” turniri gələn il yanvarın 30-dək davam edəcək. Həmin turnirdə 16 ölkədən hər çəki dərəcəsində 12 ən güclü idmançı mübarizə aparacaq. Bir ay ərzində keçiriləcək yarışın ilk günündə “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Milad Beigi Hərçəqani (80 kq) döyüşəcək. Turnirdə mübarizə aparacaq digər taekvondoçumuz “Bakı-2015”in və İslamiadanın qalibi Ayxan Tağızadə (68 kq) yanvarın 6-da dayanq üzərinə çıxacaq. “Rio-2016” Olimpiya Oyunlarının qızıl medalının sahibi, dünya və Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Radik İsayev isə yanvarın 13-də yarışa qatılacaq. Beləliklə, beş seriyadan ibarət turnirin üç seriyasında Azərbaycan idmançıları iştirak edəcəklər. Yarışın qalibi olan idmançılar 49 min ABŞ dolları pul mükafatı qazanacaq və aktivlərinə reytinq xalları əlavə edəcəklər. “Qrand-slam” turnirində son Olimpiya Oyunlarının, dünya çempionatının və Qran-Pri turnirlərinin qalibləri olan, ümumilikdə 100-ə yaxın taekvondoçu yarışacaq.

E.Amanov bildirib ki, hazırda əsas məqsədimiz 2020-ci ildə Tokioda təşkil olunacaq Olimpiya Oyunlarına mümkün qədər çox lisenziya qazanmaqdır. Taekvondo qaydalarına görə, “Tokio-2020”dək hesablarına yığdıqları reytinq xalları sayəsində cədvəldə ilk altılıqda yer alacaq idmançılar Olimpiadaya birbaşa vəsiqə qazanacaqlar. Gələn ildən Olimpiadaya lisenziya yarışlarına start veriləcək. 2018-ci ilin mayında Rusiyada keçiriləcək Avropa çempionatında qazanılacaq xallar da DTF-nin dünya və Olimpiya reytinq cədvəlində yüksəlmək baxımından vacibdir. Yetirmələrimin beynəlxalq yarışlarda iştirak edib Tokio Olimpiadası üçün xal toplaması çox mühüm əhəmiyyət kəsb edir. Ona görə çalışacağıq ki, gələn il yüksək xal verən yarışlarda daha çox iştirak edək. Ən çox xal bu turnirlərdə qazanılacaq. Hər bir idmançımızın Olimpiadada iştirak etmək şansı olacaq. Olimpiya Oyunlarına hazırlaşmağa da kifayət qədər vaxtımız var. Həmçinin gələn il Qran-Pri turnirləri də olacaq. Çalışacağıq ki, idmançılarımız zədə almasın, onlar yarışlara psixoloji, fiziki, taktiki cəhətdən yaxşı hazırlaşsın və Tokioya daha çox idmançı ilə qatılaq.

Məşqçi əlavə edib ki, idmançılarımızın Tokio Olimpiadasına vəsiqə qazanması üçün indidən hazırlaşırıq. Biz ən azından reytinq xalları ilə Olimpiadaya lisenziya əldə etməyi planlaşdırırıq. Çoxsaylı turnirlərdə iştirak etməyimizin məqsədi idmançılarımızın reytinqini yüksəltmək və daha əlverişli yolla Olimpiadada iştirak etməkdir.

“Bu baxımdan, DTF-nin Olimpiya çəkiləri üzrə son reytinq cədvəli Azərbaycan idmançıları üçün uğurlu olub. Dekabr üçün tərtib olunan siyahıda yığmamızın üç taekvondoçusu yer alıb. Hesabında 435,66 xal olan Radik İsayev 80 kiloqramdan yuxarı çəki dərəcəsində yenə də birinci pillədədir. Milad Beiqi Harçeqani (80 kq) 469,86 xalla reytinq cədvəlində ilk yerdə qərarlaşıb. Altmış səkkiz kiloqram çəki dərəcəsində Ayxan Tağızadə 207,15 xalla yeddinci pillədə yer alıb. Bundan başqa, 163,20 xal ilə cədvəldə 15-ci yerdə qərarlaşan son dünya çempionatının bürünc mükafatçısı Məhəmməd Məmmədov (68 kq) da Olimpiadada lisenziya xarakterli beynəlxalq yarışlar vasitəsilə və ya topladığı xallar hesabına iştirak edə bilər. Bu onu göstərir ki, dörd oğlan idmançımız yığdıqları reytinq xallarının və ya lisenziya xarakterli yarışların nəticələrinə əsasən, Olimpiadaya birbaşa qatıla bilərlər. Qızlardan 207,13 xalla olimpiya reytinqində 12-ci pillədə olan İslamiadanın gümüş mükafatçısı Fəridə Əzizovanın (67 kq) və 186,2 reytinq xalı ilə 14-cü yerdə olan “Bakı-2017”nin qalibi Patimat Abakarovanın (49 kq) növbəti Tokio Olimpiya Oyunlarında da mübarizə aparmaq şansları var”, - deyə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilmiş məşqçi E.Amanov vurğulayıb.

Əməkdar Məşqçi diqqətə çatdırıb ki, idmançılarımızın eləcə də Qran-Pri turnirlərinin qalibi və mükafatçısı kimi, Tokio Olimpiadasına qatılması mümkündür. Azərbaycanı “Tokio-2020”də daha çox taekvondoçunun təmsil edə bilməsi üçün Qran-Pri turnirlərində milli komandamızın üzvlərinin mümkün qədər çox xal toplamasına çalışacağıq. Odur ki, Qran-Prilərdə iştirak etməyə və nəticə əldə etməyə üstünlük veririk. 2016-cı ildə Braziliyada təşkil edilmiş Yay Olimpiya Oyunlarında ölkəmiz dörd idmançı - iki kişi və iki qadın taekvondoçu ilə təmsil olunub. Ən azından Rio Olimpiya Oyunlarındakı nəticəmizi təkrarlamağa səy göstərəcəyik. Növbəti Olimpiadaya oğlan idmançılarımızın dörd çəki dərəcəsinin hamısında, qadın taekvondoçumuzun isə iki çəkidə qatılmaq şansları var. Əgər iki qadın taekvondoçumuz da turnirlərdə yüksək xal yığıb dünya reytinqində ilk altılıqda mövqe tutarsa və növbəti Olimpiadaya iki lisenziya qazanarsa, ölkəmizin Tokioda ilk dəfə 6 taekvondoçu ilə təmsil olunmaq şansı yaranacaq. Nəzərə alsaq ki, Tokio Olimpiya Oyunlarının reqlamentinə görə, taekvondo yarışlarında hər ölkəyə 4-ü kişi, 4-ü qadın idmançı olmaqla dörd çəki dərəcəsində lisenziya qazanmaq imkanı verilir, o zaman altı idmançı ilə qatılmaq bu idman növü üzrə Azərbaycan yığması üçün rekord göstərici ola bilər. Bu nailiyyətlər “Tokio-2020” Olimpiya Oyunlarında daha çox idmançımızın medal qazanmaq imkanlarını artırır.

Yığmanın məşqçisi deyib: “Hazırda Çindəki “Qrand-slam” turnirlərinin gələcəkdə hər il davam etdirilməsi üzrə danışıqlar aparılır. Ola bilsin ki, gələcəkdə həmin turnirin qalibi olan idmançılar da Tokio Olimpiadasına birbaşa vəsiqə qazansınlar. Nəzərə almaq lazımdır ki, taekvondo qaydalarına görə, hətta yarımfinala çıxmaq uğrunda mübarizədə məğlub olanda belə idmançıların aktivlərinə xal əlavə olunur. Odur ki, həm Qran-Pri, həm də digər rəsmi beynəlxalq yarışlar reytinq xalları qazandırdıqları üçün onlarda iştirak etməyə və Olimpiadaya vəsiqəni təmin etməyə çalışacağıq”.

azertag.az