“Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqənin qalibləri mükafatlandırılıb
28.12.2017

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində “Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçirilib. Müsabiqə dünya şöhrətli vokal və estrada ifaçısı Müslüm Maqomayevin 75 illiyinə həsr olunub.

İdarədən bildirilib ki, müsabiqədə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iki nominasiya (vokal və estrada ) üzrə bacarıqlarını nümayiş etdiriblər. Müsabiqənin əsas şərtlərindən biri dahi Müslüm Maqomayevin repertuarından olan əsərləri səsləndirmək olub. Gənc ifaçılar bunun öhdəsindən məharətlə gəliblər.

Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək qalibləri təbrik edib, onlara yeni-yeni müvəffəqiyyətlər arzulayıb.

Qaliblərə diplomlar verilib. Onların ifasında qala-konsert təqdim olunub.

azertag.az