Xalq Artisti Oqtay Kazıminin xatirəsinə həsr edilən konsert proqramı təqdim olunub
28.12.2017

Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli bəstəkar, Xalq Artisti Oqtay Kazıminin xatirəsi konsert proqramı ilə qeyd olunub.

Bəstəkarın 85 illiyi münasibətilə keçirilən tədbirdə konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi, Oqtay Kazıminin ailə üzvləri, AMK-nın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. AMK-nın “Tələbə xoru”nun və digər tələbələrin ifasında sənətkarın əsərləri səsləndirilib, bəstəkarlıq fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Xalq Artisti Siyavuş Kərimi və bəstəkarın həyat yoldaşı Fəridə Kazımova çıxış edərək Oqtay Kazımi haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, konsertin bədii rəhbəri AMK-nın müəllimi, “Tələbə xoru”nun dirijoru Təranə Yusifovadır.

azertag.az