“Yuğ”dan növbəti tamaşa - “Fəna”
26.12.2017

Dekabrın 28-də “Yuğ” Dövlət Teatrında Orxan Fikrətoğlunun “İtki” və bir neçə hekayəsi əsasında hazırlanan “Fəna” tamaşası nümayiş olunacaq.

Teatrdan bildirilib ki, rejissor Mir Sahib Ağazadənin quruluşu əsasında izləniləcək səhnə əsərində rəsmlərin quruluşu Əməkdar Rəssam Rəşid Şərifə məxsusdur. Səhnə əsərində aktyorlar Qasım Nağı, Natəvan Qeybani, Oqtay Mehdiyev və Novruz Novruzlu iştirak edirlər.

“Özü”nü itirmiş bir kişi birdən-birə bunun fərqinə varır. Xanımı və dostu ilə bunun necə baş verdiyini araşdırmağa çalışır. Sonradan məlum olur ki, sən demə onlar da “özlərini” itiriblərmiş. Çox çək-çevirdən sonra hər üçü öz fitrətlərini insan surətində görüb “özləri”nə qayıdırlar.

Janrı “bir nəfəslik mərifət oyunu” kimi təqdim olunan tamaşada Mərcan Dədənin musiqilərindən istifadə olunub.

Tamaşanın xronometrajı bir saat olan səhnə əsərinin biletlərini A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrından əldə etmək olar.

azertag.az