“Zaman və uşaq musiqisinin müasirliyi” mövzusunda konfrans keçirilib
26.12.2017

Dekabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında “Zaman və uşaq musiqisinin müasirliyi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda ittifaqın sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə uşaq musiqisinin aktual problemlərinə toxunaraq, bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir edəcəyini diqqətə çatdırıb.

Görülən işlərin uşaqların estetik tərbiyəsinə, yaradıcılıq baxımından professional musiqiçi kimi yetişmələrinə yardımçı olacağını qeyd edən Xalq Artisti uşaq musiqi əsərlərinin yaranmasına, təbliğinə xüsusi diqqət ayırmağın vacibliyindən söz açıb.

Əməkdar İncəsənət Xadimi, professor İmruz Əfəndiyeva “Uşaq musiqisinin aktual problemləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi görkəmli bəstəkarlarımızın yaradıcılığında kifayət qədər populyarlıq qazanmış uşaq musiqi əsərlərinin olduğunu vurğulayaraq bunun hazırda bir sıra bəstəkarlarımız tərəfindən davam etdirildiyini diqqətə çatdırıb.

Daha sonra konfransda “Bəstəkar Mehriban Əhmədovanın yaradıcılığında uşaq mövzusu”, “Musiqi təhsilinin problemləri” mövzularında məruzələr dinlənilib.

Konfrans uşaq xorunun təşkil etdiyi konsert proqramı ilə davam edib.

azertag.az