Dövlət İmtahan Mərkəzinin yeni veb-saytı məlumatın ictimaiyyətə operativ çatdırılmasında mühüm rol oynayacaq
25.12.2017

Dekabrın 25-də Dövlət İmtahan Mərkəzinin veb-saytının yenilənmiş versiyasının təqdimatı olub.

Tədbirdə DİM-in əməkdaşları, müəllimlər, ekspertlər, KİV-lərin nümayəndələri iştirak ediblər.

Tədbirdə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə vurğulayıb ki, saytın dizaynı dəyişdirilməklə yanaşı, strukturuna yeni bölmələr əlavə edilib. İstifadəçilərin rahatlığının təmin edilməsi üçün hər bir bölməyə aid “Xəbərlər”, “Faydalı”, “Elektron xidmətlər”, “Sənədlər”, “Təqvim”, “FAQ” altbölmələri hazırlanıb. Saytın informasiya təminatı ilə yanaşı, il ərzində yeddi milyondan çox istifadəçiyə elektron xidmət göstərməsi nəzərə alınaraq, aktiv olan “elektron xidmət” keçidlərinin ön səhifədə yerləşdirilməsi təmin edilib. Yeni dizaynda istifadəyə verilmiş sayt məlumat və yeniliklərin ictimaiyyətə operativ çatdırılmasında mühüm rol oynayacaq.

M.Abbaszadə dövlət qulluğuna dair bəzi məsələlər barədə məlumat verib, həmçinin imtahanların obyektiv və şəffaf keçirilməsində zal nəzarətçilərinin rolundan, üzərlərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif pillələrinə və səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib. Diqqətə çatdırılıb ki, DİM tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlara nəzarətçi kimi cəlb edilmiş müəllimlərin imtahan prosesində öz səlahiyyətləri çərçivəsində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda təhlil olunur. Araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə min nəzarətçi-müəllimə təşəkkür elan edilib. Bundan əlavə, 15 nəzarətçi-müəllimin və beş imtahan rəhbərinin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub. Müxtəlif qayda pozuntularına, o cümlədən köçürmə hallarına yol verən 205 nəzarətçi bazadan xaric edilib.

Sonra dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin noyabrın 18-də keçirilən test imtahanı nəticələrinə əsasən müvəffəqiyyət əldə etmiş namizədlərə sertifikatlar təqdim olunub. İmtahanda iştirak edən namizədlərdən AB4 altqrupu üzrə iki, AC1 altqrupu üzrə iki, AC2 altqrupu üzrə üç, AC3 altqrupu üzrə iki, AC4 altqrupu üzrə dörd nəfər olmaqla, ümumilikdə 13 nəfər uğur qazanıb. Bu şəxslər dövlət qulluğunda tətbiq olunan yeni qanunvericiliyə əsasən sertifikat almış ilk namizədlərdir. Həmçinin 2017-ci ildə keçirilən imtahanlarda xüsusilə fərqlənmiş imtahan rəhbərləri, nəzarətçi-müəllimlər, imtahanlarda istifadə olunan yazı işi tapşırıqlarının, qiymətləndirmə meyarlarının hazırlanmasına, yoxlanılmasına cəlb edilən fənn müəllimləri, dövlət qulluğuna aid işlərin həyata keçirilməsində fəallıq göstərən müstəqil ekspertlər müxtəlif diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirdə, həmçinin orta ümumtəhsil müəssisələrində təhsilalanların buraxılış imtahanı materiallarının hazırlanmasında, ekspertizasında, yazı işlərinin yoxlanılmasında, regionlarda fənn seminarlarının keçirilməsində fəal iştirak edən yeddi ekspert-müəllim, dövlət qulluğuna qəbul və dövlət qulluğu vəzifələrinin tutulması üzrə müsahibələrdə iştirak edən iki müstəqil ekspert fəxri fərmanla təltif olunub.

azertag.az