Balacaların “Qış nağılı”
22.12.2017

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı məktəblilərin qış tətili günləri və Yeni il münasibətilə balaca tamaşaçıları üçün yeni səhnə işi ərsəyə gətirib.

Teatrdan bildirilib ki, yaradıcı heyət teatrın quruluşçu rejissoru Anar Məmmədovun səhnələşdirdiyi “Qış nağılı” adlı yeni tamaşa ilə uşaqların görüşünə gələcək. Tamaşalar dekabrın 27-dən yanvarın 3-dək gündə 4 seans olacaq.

Quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev olan və musiqinin müşayiəti əsasında hazırlanan tamaşada əsas qəhrəman Şaxta baba və Qar qızdır. Balacaların sevimli qəhrəmanı olan bu personajlar ətrafında cərəyan edən hadisələr uşaqlara fədakarlıq, cəsurluq və dürüstlük kimi dəyərləri təlqin edir.

Canavar, Ayı, Dovşan kimi personajların Küpəgirənin hiyləgərliyinə qarşı əzmkar mübarizəsi və qələbəsini əks etdirən tamaşa rəngarəng musiqi tərtibatı və rəssam işi ilə balacalara xoş anlar vəd edir.

Zəngin səhnə tərtibatlı tamaşaya səhnədə qurulan möhtəşəm şam ağacı maraqlı bir ovqat qatacaq. Tamaşada rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Cavid Telman, Elxan İsmayılov, Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov və başqaları ifa edəcəklər.

azertag.az