"Neftçi"nin hücumçusu Boliviya klubuna transfer olunub
22.12.2017

“Neftçi” klubunun futbolçusu Uqo Barqas karyerasını Boliviyanın “Bluminq” klubunda davam etdirəcək.

Bu barədə Cənubi Amerika təmsilçisinin meneceri Tito Paz “El Mundo”ya açıqlama verib.

O bildirib ki, 31 yaşlı fransalı hücumçu 2018-ci il yanvarın ilk həftəsində “Bluminq”ə qoşulacaq: “Müqavilə ilə bağlı ona rəsmi təklif göndərmişik. Danışıqlar uğurlu keçib. Sözləşmə bizim büdcəmizə uyğundur”.

Bildirilir ki, Barqas legioner limiti kvotasında çilili Daniel Nekulmanın yerini tutacaq.

"Neftçi"nin mətbuat katibi Anar Şabanoğlu isə təcrübəli hücumçu ilə mövsümün sonunadək müqavilələrinin olduğunu xatırladıb. Onun sözlərinə görə, Barqas razılıq olmadan heç bir kluba keçə bilməz: "Uqo bir neçə gün əvvəl agenti vasitəsilə komandamızdan ayrılmaq istəyi haqda bizi şifahi məlumatlandırıb. Amma rəsmi müraciət olmayıb. Barqas rəsmi müraciət etsə, məsələyə baxılacaq".

Qeyd edək ki, Uqo Barqas “Neftçi”yə məhz 2012-2013 və 2015 - 2017-ci illərdə çıxış etdiyi “Bluminq”dən keçib. Barqas bu ilin fevralında flaqmanla 1 illik müqavilə bağlayıb. Oktyabrda isə onun sözləşməsi cari mövsümün sonuna qədər uzadılıb.

report.az