Bakının Binəqədi şossesində 13 avtobus dayanacağı yaradılıb
21.12.2017

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Binəqədi şossesində aparılan yenidənqurma işləri ilə əlaqədar sərnişindaşımanın keyfiyyətinin və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədi ilə nəzərdə tutulan tədbirləri yekunlaşdırıb.

Bu barədə BNA-nın şöbə rəisi Mais Ağayev məlumat verib.

Məlumata görə, ilkin mərhələdə yolla bağlı bir sıra təhlillər aparılıb, sərnişin tələbatı öyrənilib. Əldə edilən nəticəyə uyğun olaraq, 13 avtobus dayanacaq məntəqəsi təşkil edilib ki, onlardan da 10-da yeni pavilyon quraşdırılıb. Pavilyonlara Yol Hərəkəti Təhlükəsizliyi ilə bağlı maarifləndirici lövhələr vurulub. Avtobusların digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmadan dayanacaq məntəqələrinə rahat giriş-çıxışını təmin etmək məqsədi ilə yol boyu 9 yerdə cib təşkil edilib. Bütün məntəqələrdə yoldan dayanacaq məntəqəsinin ünvanı, oradan keçən marşrut xətləri ilə bağlı məlumat qeyd edilib. Ümumilikdə, yolda 21 ədəd eynisəviyyəli piyada keçidi təşkil edilib.

Qeyd edək ki, görülən işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə həyata keçirilib.

report.az