“ASAN Radio” iki yaşını qeyd edir
21.12.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan “ASAN Radio” 2015-ci il dekabrın 24-də yayıma başlayıb.

Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio olan “ASAN Radio” sosial mediada fəallığı ilə seçilir və internet üzərindən canlı efirlər, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir.

“ASAN Radio” dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. “ASAN Radio”da Avropa İttifaqının dəstəyi, ADA Universitetinin bələdçiliyi ilə “AvropadASAN” adlı veriliş yayımlanır.

“ASAN Radio” həm də gələcəyin media işçilərini yetişdirir. “ASAN” könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri burada təcrübə keçirlər.

Hər zaman dinləyicisinə zövqlü milli və dünya musiqiləri təqdim edən “ASAN Radio” mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. “ASAN Radio” həm də bir sıra irimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır.

“ASAN Radio” Bakı və Abşeron yarımadası, Sumqayıtda 100 FM-də, cənub və aran bölgəsində - Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında 92.7 FM-də, Gəncə, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy, Qəbələ və digər iri şəhər və rayonlarda 96.5 FM-də yayımlanır.

“ASAN Radio”nun 2 yaşı münasibətilə “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının səhnəsində “2 il Sizinlə” adlı möhtəşəm konsert proqramı keçiriləcək. Konsert dekabrın 23-də saat 16:00-da başlayacaq.

Bundan başqa, həmrəylik nümayiş etdirib Yeni ili, həmçinin “ASAN xidmət”in 5, “ASAN Radio”nun isə 2 yaşı Quba “ASAN həyat” kompleksində möhtəşəm konsertlə qeyd olunacaq. Dekabrın 29-da saat 16:00-da Qubada müğənni Röya çıxış edəcək.

Dekabrın 24-də – “ASAN Radio”nun yarandığı gün radioda xüsusi bayram buraxılışları təqdim ediləcək.

azertag.az