Aqroparkların hamısı tam istifadəyə verildikdən sonra Azərbaycanın qazancı nə olacaq?
20.12.2017

Azərbaycanda aqroparkların hamısı tam istifadəyə verildikdən sonra yüz milyonlarla manat dəyərində məhsullar istehsal olunacaq.

Bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev deyib.

S.Vəliyev bildirib ki, Azərbaycanda aqroparkların yaradılması aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək ərzaq təhlükəsizliyinin təmin olunmasında, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, ixrac potensialının və coğrafiyasının genişlənməsində, məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edir: "Aqroparkların yaradılması, həmçinin milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında önəmlidir".

O əlavə edib ki, aqroparkların yaradılmasından kiçik və orta fermerlər bir çox faydalar əldə edəcəklər: "Belə ki, onlara məsləhət, texniki, logistika və aqroservis xidmətləri göstəriləcək, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunacaq və innovativ texnologiyaların tətbiqi həyata keçiriləcək".

Aparat rəhbəri deyib ki, aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika (saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış) üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradacaq. Bütün bunlar isə regionların ixtisaslaşmasına öz müsbət töhfəsini verəcək.

trend.az