Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı 2017-ci ili uğurla başa vurub
20.12.2017

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının binası qəzalı vəziyyətdə olsa da kollektiv 2017-ci ili uğurla başa vurub.

Bu sözləri teatrın bədii rəhbəri Varlam Nikoladze söyləyib. Onun sözlərinə görə, bu il kollektiv 4 tamaşa hazırlayaraq teatrsevərlərə təqdim edib. Tanınmış gürcü yazıçısı və dramaturqu Davit Kldiaşvilinin “Darispanın əziyyəti” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa Türkiyənin Adana şəhərində nümayiş olunub. Dekabrın 24-də isə Tbilisidəki Pontomimo Teatrında fransız dramaturqu Jan Quptanın “Rovnodushniy krasavchik” adlı əsəri əsasında hazırlanmış tamaşanın premyerası olacaq. Bundan başqa, teatrın kollektivi “Sehirli papaq” və italyan dramaturq Daryu Forun “Azad cütlük” əsəri əsasında eyniadlı tamaşa hazırlayıblar. Bu tamaşalar yüksək bacarıq, istedad və həvəslə hazırlanıb.

“İnanırıq ki, insanlar bizim tamaşalarımızdan zəngin təəssüratlarla ayrılırlar”, - deyə teatrın bədii rəhbəri vurğulayıb.

V.Nikoladzenin sözlərinə görə, teatrın binasının qəzalı vəziyyətdə olması və maliyyə vəsaitinin azlığı səbəbindən aktyorlar tamaşalarını başqa teatrlarda təqdim edirlər.

Bədi rəhbəri deyib ki, teatrın binasının qəzalı vəziyyətdə olması yeni tamaşaların hazırlanması və premyerasında çox ciddi problemlər yaradır. Gürcüstanın müvafiq qrumlarının əməkdaşlarından ibarət komissiya teatr binasının qəzalı vəziyyəti və bu binada tamaşaların premyerasının təhlükəli olması barədə qərar qəbul edib. Ona görə də teatrın kollektivi hazırladığı tamaşaları başqa teatrların səhnələrində nümayiş etdirir.

Varlam Nikoladzenin sözlərinə görə, bu gün teatrda cəmi 10 aktyor çalışır. Amma normal teatrlarda ən azı 30 aktyor olmalıdır. Teatrın büdcəsi daha çox aktyor cəlb etməyə imkan vermir. Bu gün bizim teatrın illik büdcəsi 140 min lari təşkil edir. Teatrın büdcəsinin artırılması və yeni bina ilə təmin olunması üçün Gürcüstan hökumətinə müraciətlər olunub. Amma hələlik bir nəticə yoxdur.

Bədi rəhbər onu da bildirib ki, bütün çətinliklərə baxmayaraq gələn ilin ilk vaxtlarında daha iki tamaşa hazırlanaraq teatrsevərlərə təqdim olunacaq.

azertag.az