“Yusif Vəzir Çəmənzəminli. Biblioqrafiya” kitabının təqdimatı olub
20.12.2017

Dekabrın 19-da Milli Kitabxanada XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, alim, ictimai-siyasi xadim Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 130 illiyi ilə əlaqədar tədbir və Milli Kitabxana tərəfindən hazırlanmış “Yusif Vəzir Çəmənzəminli. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qiymətli elmi-nəzəri əsərlərin müəllifi Y.V.Çəmənzəminlinin yaradıcılığından qısaca danışaraq tədqiqatçı-alimin folklorda, ədəbiyyatda, bədii nəsr tarixində xüsusi yeri olduğunu, alimin ədəbi-bədii irsinin xalq yaradıcılığı ilə sıx bağlı olduğunu söyləyib.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ictimai-siyasi və mədəniyyət xadimi Y.V.Çəmənzəminlinin yaradıcılığının zəngin olduğunu bildirib, onun tariximizin, musiqimizin tədqiqatçısı kimi mədəniyyətimizə yorulmadan xidmət etdiyini söyləyib.

Filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlu, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, “Yenə od arasında” romanının müəllifi (Y.V.Çəmənzəminli haqqında) yazıçı-publisist Elçin Hüseynbəyli çıxış edərək Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından çap olunmuş bu vəsaitin yazıçı haqqında tərtib olunmuş ilk fundamental biblioqrafiya olduğunu, vəsaitdə alimin əsərləri, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında zəngin material toplandığını bildiriblər.

Vəsaitin ədəbiyyatşünas alimlər, tədqiqatçılar üçün çox faydalı olduğunu söyləyən natiqlər yazıçının bədii yaradıcılığından danışaraq onun mətbuatda müxtəlif təxəllüslərlə çıxış etdiyini, tərcüməçi kimi fəaliyyətindən danışıb, əsərlərinin bir neçə dilə tərcümə olunduğunu söyləyiblər.

Yusif Vəzir Çəmənzəminlinin ailəsi adından nəvəsi Leyla Vəzirova çıxış edərək tədbirin keçirilməsi və biblioqrafiyanın fundamental şəkildə tərtib olunub çap edilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Milli Kitabxanaya minnətdarlığını bildirib.

Sonda tədbir iştirakçıları yazıçının həyat və yaradıcılığını özündə əks etdirən “Yusif Vəzir Çəmənzəminli-130” adlı geniş kitab sərgisi ilə tanış olublar.

azertag.az