Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrindən nümunəvi addım
18.12.2017

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri biliklərini valideyn himayəsindən məhrum olan uşaqlarla paylaşıblar.

UNEC-dən bildirilib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə öz bilik və təqaüdlərini valideyn himayəsindən məhrum uşaqlarla paylaşmaq istəyən bu universitetin birinci kurs tələbələri Xəzər rayonundakı 2 nömrəli ümumi orta internat məktəbində olublar.

Görüşdə əksəriyyəti Prezident təqaüdçüsü və qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-in xüsusi təqaüdünə layiq görülən tələbələr şagirdlər arasında riyaziyyat, coğrafiya, ədəbiyyat, tarix və musiqi fənləri üzrə müsabiqə keçirib, qaliblərə kubok və hədiyyələr təqdim ediblər.

Ali təhsil ocağına yüksək balla qəbul olunan tələbələrlə tanışlıqdan məmnunluqlarını bildirən şagirdlər gələcəkdə onlar kimi imtahanlarda yüksək nəticə əldə edərək tələbə adını qazanmaq arzularını dilə gətiriblər. UNEC-in tələbələri universitetə hazırlaşan şagirdlərə ixtisas seçimində istiqamət verməyə və özlərinin əlavə dərs vəsaitlərini onlara təqdim etməyə hazır olduqlarını vurğulayıblar.

Görüş əyləncəli oyunlarla davam etdirilib.

azertag.az