“Huawei”dən bir ilk: 5G smartfon istehsal edəcək
5.12.2017

“Huawei” şirkəti beşinci nəsil rabitə şəbəkəsində çalışan smartfon istehsal edəcək.

“Gizmochina” nəşrinə istinadən verilən məlumata görə, şirkətin möhtəşəm planları barədə Çinin Vuçjen şəhərində keçirilən Ümumdünya İnternet Konfransında onun baş direktoru Yu Çendun söz açıb.

“Huawei” rəhbəri bildirib ki, ilk 5G smartfon 2019-cu ilin ikinci yarısında bazara çıxarılacaq. Onun proqnozuna əsasən, yeni rabitə standartı dünyanın bir çox ölkələrində fəaliyyət göstərəcək.

Yeni smartfon təkcə 5G-ni dəstəkləməyəcək, həmçinin süni intellektlə dərindən inteqrasiya edəcək.

Xatırladaq ki, bu il şirkət “Kirin 970” çipi istehsal edib ki, bu çip də neyroşəbəkələrlə işləmək üçün nəzərdə tutulub.

Çindən gələn xəbər heç də təəccüblü deyil. Nəzərə alınmalıdır ki, “Huawei” 5G standartının işlənilməsi və inkişafında dünya liderlərindən biridir. Ötən ay şirkət 1 Gb/saniyə sürətlə 5-ci nəsil şəbəkədən məlumatların ötürülməsini uğurla həyata keçirib. Bu standartın sınaqları həmçinin gələn il Rusiyada keçirilən Dünya Çempionatı zamanı stadionlarda da keçiriləcək.

lent.az