“YARAT Teatr Klubu” yeni tamaşasını təqdim edəcək
1.12.2017

Dekabrın 7-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Elvin Mirzəyevin “Axına qarşı” adlı yeni eksperimental tamaşası təqdim olunacaq.

Tamaşa istedadlı gənclərin aktyorluq potensialını üzə çıxarmaq məqsədilə “YARAT Teatr Klubu”nda hazırlanıb.

Tamaşada kastinqdən uğurla keçən Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və həvəskar aktyorlar iştirak edəcək.

İnsan üçün “korluq” nədir? İnsanı öz “korluğunu” qəbul etməyə nə vadar edir? Bəzən insan görməyə çalışsa da, görə bilmir. Bəzən insana görmək nəsib olmur və başqalarının bu qabiliyyətinə dözə bilmir. Bəzən insan görür, ancaq gördüyünü gizlətmək məcburiyyətində qalır. Bütün bu suallara sözügedən tamaşada cavab tapmaq mümkün olacaq.

Tamaşa 5 klassik əsər (Nizami Gəncəvinin "Yedi Gözəl", Vilyam Şekspirin “Romeo və Cülyetta”, Herman Hessenin “Siddhartha”, yunan mifi “Orfey və Evridika” və Mixail Bulqakovun “Ustad və Marqarita”) əsasında hazırlanıb.

azertag.az