Musiqi və incəsənət məktəblərinin tədris portalı və regional idarələrin saytları təqdim olunub
28.11.2017

Noyabrın 28-də Yevlaxda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalının, Bərdə, Ağcabədi, Gəncə, İsmayıllı və Şəmkir regional mədəniyyət və turizm idarələrinin internet saytlarının təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, təqdimat mərasimində nazir Əbülfəs Qarayev çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən nazirliyin 15 regional idarəsinin yaradılmasının bu sahədə idarəçiliyin daha da təkmilləşdirilməsinə xidmət etdiyini deyib. Bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə edərək ölkəmizi, onun mədəniyyət və turizmini daha geniş şəkildə təbliğ etməliyik. Bu xüsusda müvafiq internet portallarının önəmi böyükdür. Bununla bağlı mədəniyyət və turizm sahəsində çalışan insanların bilik və bacarıqlarının artırılması istiqamətində işlər də görülməlidir.

Nazirliyin texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı - music.mctgov.az saytı haqqında məlumat verib. Qeyd edib ki, portalda ölkəmiz və dünya bəstəkarları haqqında məlumatlar, onların əsərlərinin notları və digər informasiyalar yerləşdirilib. Həmçinin portalda ölkəmizdə musiqi sahəsində təhsil sisteminin fəaliyyəti, musiqi və incəsənət məktəblərində tədris, məktəblərə qəbul qaydaları ilə tanış olmaq mümkündür. Ustad dərsləri barədə videomateriallar, metodiki vasitələr, musiqi alətləri barədə məlumatlar da saytda əksini tapıb.

Sonra Bərdə, Ağcabədi, Gəncə, İsmayıllı və Şəmkir regional mədəniyyət və turizm idarələrinin saytları haqqında məlumat verilib.

Bildirilib ki, saytlarda regional idarələrin əhatə etdiyi rayonların mədəniyyət və turizmi haqqında dolğun məlumatlar əks olunub. Həmçinin, sözügedən regionlarda yerləşən tarixi abidələr, muzeylər, turizm marşrutları ilə bağlı informasiyalara da geniş yer verilib.

Diqqətə çatdırılıb ki, ilin sonuna kimi bütün regional idarələrin saytları istifadəyə veriləcək.

Nazir bu istiqamətdə görülən işlərin daha da sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

azertag.az