Sənədli filmlərin ssenari müsabiqəsinin qalibləri mükafatlandırılıb
28.11.2017

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlərin ssenari müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

İttifaqın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə qurumun sədri, Xalq Artisti, professor Şəfiqə Məmmədova, birinci katib, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev qalibləri təbrik edib, onlara uğurlar arzulayıblar. Bildirilib ki, Kinematoqrafçılar İttifaqı onlara fəaliyyətlərində bundan sonra da kömək göstərməyə hazırdır.

Sonra qaliblər - “Şükriyyə taleyim”, “Bakının su əfsanəsi”, “Qara qızıl” ssenarilərinin müəllifləri Cavid Zeynallı, Rəşad Şükürov, Seyram Əmirov çıxış edərək ittifaqın rəhbərliyinə və münsiflər heyətinə təşəkkürlərini bildirib, yaradılan şəraitdən razı qaldıqlarını vurğulayıblar.

Müsabiqədə birinci yeri tutan olmayıb. Digər yerlərin sahiblərinə isə pul mükafatları təqdim edilib.

azertag.az