Beynəlxalq təhsil proqramı çərçivəsində qastroenterologiya kursu keçirilir
21.11.2017

Tibbi təhsilin dünya standartlarına çatdırılması əhaliyə göstərilən tibbi yardımın keyfiyyətini yüksəldilməsində ən əhəmiyyətli məsələlərdən biridir. Bunu nəzərə alan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu öz işini müasir tələblərə uyğun qurmağa çalışır.

İnstitutda aparılan tədrisin keyfiyyətini artırmaq məqsədilə dünyanın bir çox ali tibb təhsili müəssisələri ilə təhsil və elmi-pedaqoji kadrların hazırlanması sahəsində müqavilələr bağlanılıb. Həmin tədris müəssisəsinin kafedralarının aparıcı mütəxəssisləri Bakı şəhərinə ezam olunaraq təlabat hiss olunan ixtisas və mövzular üzrə yerli həkimlər üçün təkmilləşmə kursları keçirlər.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Seçenov adına 1-ci Moskva Dövlət Tibb Universiteti arasındakı əməkdaşlıq çox intensiv şəkildə və müxtəlif istiqamətlərdə davam edir. İnstitutda beynəlxalq təhsil proqramı çərçivəsində həmin Universitetin daxili xəstəliklərin propedevtikası kafedrasının professor-müəllim heyətinin iştirakı ilə qastroenterologiya mövzusunda kurs keçirilməsinə başlanılıb və dekabrın 15-dək davam edəcək. Kursda professorlar Yelena Baranskaya, Zinaida Lemeşko, Oleq Şifrin və Tatyana Lapina mühazirələr oxuyacaq, məşgələlər aparacaqlar.

Kursa ölkəmizin müxtəlif regionlarında çalışan qastroenteroloqlar cəlb olunublar. Məşgələlər institutun terapiya kafedrasının bazasında keçiriləcəkdir.

azertag.az