Görkəmli müğənni Şövkət Ələkbərova adını daşıyan musiqi məktəbində xatırlanıb
15.11.2017

Milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış müğənni, Xalq Artisti Şövkət Ələkbərovanın 95 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.

Bakı Şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan konsert proqramı sənətkarın adını daşıyan 20 nömrəli onbirillik musiqi məktəbində gerçəkləşib.

İdarədən bildirilib ki, konsertdən öncə məktəbin müəllimi Lalə Cəfərova mərhum sənətkarın şərəfli ömür yolundan söz açaraq onun yaradıcılıq fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Ş.Ələkbərovanın repertuarındakı mahnıların, həmçinin “Segah”, “Qatar”, “Şahnaz” muğamlarının milyonlarla insan tərəfindən sevə-sevə dinlənildiyi vurğulanıb.

Tədbirdə məktəbin şagirdlərinin ifasında vaxtilə Ş.Ələkbərova tərəfindən səsləndirlən mahnılar oxunub.

Sonda sənətkarın gəlini T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin direktoru Gülnarə Səfərova ailə adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

azertag.az