Arxangelsk şairlərinin əsərləri ilk dəfə Azərbaycan dilində çapdan çıxıb
15.11.2017

Arxangelsk müasir poeziyasının nümunələrindən ibarət “Fəzanın cazibəsi” (Çağdaş Quzey Arxangelsk poeziyası) adlı antologiya Bakıda çapdan çıxıb.

“Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri Tərlan Qasımov bildirib ki, “Arxangelskdə Azərbaycan mədəniyyəti günləri” çərçivəsində hazırlanmış kitaba 19 şairin əsəri daxil edilib.

“Fəzanın cazibəsi” antologiyası Gənc Türk Yazarlar Birliyinin Rusiya Yazıçılar İttifaqının Arxangelsk regional bölməsi və “Arxangelsk vilayətinin Azərbaycan diasporu” təşkilatı ilə birgə təşəbbüsü sayəsində ərsəyə gəlib. Ümumilikdə 504 səhifədən ibarət topluya Yelena Kuzmina, Vasili Matonin, Valeriya Çubara, Valeriya Şabalina, Aleksandr Loqinov, Vladimir Noqovitsin, İnqa Arteyeva, Pavel Zaxarin, Vladislav Popov, Olqa Korzova, Tatyana Polejayeva, İlya İkonnikov, Lyudmila Jukova, Angelina Prudnikova, Yelena Nikolixina, Tatyana Şerbinina, Oleq Borisov, Qalina Rudakova və Nadejda Knyazevanın əsərləri daxil edilib.

Rusiya və Azərbaycan xalqları arasında dostluğun daha da möhkəmlənməsinə töhfə verən hər kəsə təşəkkürünü bildirən Tərlan Qasımov deyib ki, iki xalq arasında münasibətlərin həm dövlətlər arasında rəsmi səviyyədə, həm də Arxangelsk vilayəti daxilində inkişaf etməsi çox vacibdir. “Fəzanın cazibəsi” kitabının nəşri ilə yaradıcı insanlar bu münasibətlərə öz töhfələrini verdilər.

Poetik toplunun tərtibçisi Olqa Korzovadır. Nəşrə “Ön söz”ü Yelena Qalimova, layihənin rəhbəri və baş redaktor Əkbər Qoşalı, redaktor Afaq Şıxlı (Moskva) yazıblar. Şeirləri Azərbaycan dilinə A.Şıxlı, A.Xaqan, A.Əliyar, Ə.Oruc (Şəfəq), Ə.Qoşalı, E.Tovuz, E.Barat, F.Balabəyli və başqaları tərcümə ediblər.

azertag.az